If you're seeing this message, it means we're having trouble loading external resources on our website.

Əgər vebsayt filtrindən istifadə edirsinizsə *.kastatic.org*.kasandbox.org domenlərinin əngəllənməmiş olduğundan əmin olun.

Əsas məzmun

Antropomorfik stela

müəllif Natali N.Hager
Antropomorfik stela, Səudiyyə Ərəbistan, Hail yaxınlığında El-Maakir-Qaryat al-kaafa, E.Ə. IV minillik (E.Ə.4000-3000), qumdaşı, 92 x 21 sm (Milli Muzey, Riyad)
Antropomorfik stela, Səudiyyə Ərəbistan, Hail yaxınlığında El-Maakir-Qaryat al-kaafa, E.Ə. IV minillik (E.Ə.4000-3000), qumdaşı, 92 x 21 sm (Milli Muzey, Riyad) (Image source)

Ha’ildən Antropomorfik Stela

Bu daş abidə hündür təxminən üç fut hündürlüyündədir. Lakin bu sərbəst dayanan daş heykəlin insan və ya antropomorfik görünməsinə səbəb olan təkcə hündürlük deyil.
Hər iki tərəfi oyulmuş olsa da, ön hissədə, əsasən də üz, sinə və beldə daha çox vurğu vardır: trapesşəkilli baş iki yaxın məsafəli göz və yastı burunu xəttləyən sima ilə birbaşa kvadrat çiyinlərə söykənir; geyimli fiqurun torsunda boyunbağı ilə bərkidilmiş bizlə (kiçik uclu alət) gövdəni diaqonal çarpazlayan iki şnur asılıb; belində isə ikiqat bıçaqlı xəncər arxaya qədər davam edən geniş bir kəmərdən asılır. Heykəl sadə, hətta mücərrəd olsa da, insan fiqurunu açıq şəkildə təmsil edir.
Səudiyyə Ərəbistanının şimal-qərbindəki Ha'il yaxınlığında kiçik bir kənddə tapılan bu antropomorfik (insan kimi) stella bu bölgədə kəşf edilmiş üç abidədən biri idi. Üçlüyə e.ə. dördüncü minilliyə qədər insan şəklində olan altmışdan çox aşağı relyef heykəllərinin toplusu qoşulur və bunlar son dörd onillikdə Ərəbistan yarımadasında aşkar edilmişdir. Tapdıqları geniş ərazidə (şimaldan İordaniyadan cənubda Yəmənə qədər uzanan 2300 kilometr) olmasına baxmayaraq, bu daş abidələr müəyyən xüsusiyyətlərinə görə oxşardır. Bu necə ola bilər?

Ərəbistanın Tarixəqədərki dövrü

Ərəbistan Yarımadasının Xəritəsi
Bu gün Səudiyyə Ərəbistan səhra qumları və neft ehtiyatları ilə tanınsa da, tarixəqədərki dövrlərdə orada ətraf mühit və mənzərə tamamilə fərqli idi - daha bərəkətli, sulu və insanlar üçün asanlıqla əlçatan idi: erkən daş petroqlifləri dəvəquşu ovlayan insanları təsvir edir (aşağıya bax). Bu uçmayan quş bölgədə minlərlə ildir yaşaya bilməmişdir.
Neolit ​​dövründə, e.ə. altıncı minillikdən dördüncü minilliyə qədər Ərəbistan Yarımadası səhradan daha çox savannaya bənzədiyi zaman, ovçuluq və yığıcılıqla məşğul olan qruplar tədricən qoyun, keçi və mal-qara kimi sürü heyvanlarını evə gətirərək təsərrüfatlarını yırtıcılıqdan istehsalata keçirdilər və karvan yollarının da olduğu vahələrə və dağlıq ərazilərə yerləşdilər. Dəyişən iqlim şəraitinə görə bu yaşayış məntəqələri çox vaxt müvəqqəti idi - mövsümi olaraq, lakin dəfələrlə və bəlkə də əsrlər boyu tutulmuşdur - məhz bu yerdəyişmə üçün daimi ehtiyac bölgələr arasında ünsiyyəti və cəmiyyətləri arasında qarşılıqlı əlaqəni stimullaşdırmışdır. Ancaq Ərəbistanın karvan yollarında insanlardan daha çox onların fikirləri və əşyaları da səyahət etdilər.
Dəvəquşu ovunu təsvir edən qayaüstü rəsm: "Vadi Uqla atlıları və dəvəquşu", Səudiyyə Ərəbistanının şimal-qərbindəki Tayma vahəsi
Dəvəquşu ovunu təsvir edən qayaüstü rəsm: "Vadi Uqla atlıları və dəvəquşu", Səudiyyə Ərəbistanının şimal-qərbindəki Tayma vahəsi

İslamdan əvvəlki Ərəbistanın Fiqurlu Təsviri

İordaniya-Səudiyyə Ərəbistanı sərhəddinə yaxın olan Tabukun qaya divarında son Neolit ​​dövrünə aid iki insan silueti, Ha'il stelası ilə eyni şnur, biz və iki-bıçaqlı xəncər təsvir olunub. İordaniyanın cənubundakı Riqseh bölgəsində bənzər bir biz və xəncər ilə sınıq stella tapılmışdı. Cənubi Ərəbistanda daş abidələr şimaldan xeyli kiçik olsa da (bəziləri cəmi 40 santimetr hündürlüyündədir), Yəməndəki Ravk nümunələri, Ha'il lövhəsi ilə eyni xarakterik detalların çatışmazlığı göstərir. Ekzogen materialların (başqa yerdə yaranan materiallar) olması ilə birlikdə bu stilistik təsirin sübutu, neolit ​​dövründə obyektlərin geniş ərazilərə yayıldığını və mübadilə edildiyini təsdiqləyir.
E.Ə. IV minilliyə aid üç antropomorf stela daşları Səudiyyə Ərəbistanının şimal-qərbində, Hail yaxınlığında Taymada tapılıb © Foto: Haut & Baynder
E.Ə. IV minilliyə aid üç antropomorf stela daşları Səudiyyə Ərəbistanının şimal-qərbində, Hail yaxınlığında Taymada tapılıb © Foto: Haut & Baynder
Bu ümumi vizual repertuar kimi maraqlı olan digər bir şey isə ortaq antropomorfizmdir: hər bir abidə daş üzərində oyulmuş dik bir kişi fiqurunu təsmil edir. Bu, heç bir fiqur təsvirinə sahib olmadığı düşünülən bir topraq üçün xüsusilə diqqət çəkicidir. Həqiqətən də, bir çoxları üçün Ərəbistan yarımadasının tarixi yeddinci əsrdə, bədii ifadənin yazılı sözə fokuslandığı və insan formasının geniş yayılmadığı zamanlarda, İslamın yüksəlişi ilə başlamışdır. Lakin Ha’il abidəsi, insan fiqurlarının üstünlük təşkil etdiyi İslam öncəsi Ərəbistanın varlığını üzə çıxarır.

Ərəbistan: ticarətin kəsişməsində açıq bir yarımada

Arxeologiya Ərəbistan Yarımadasında nisbətən yeni bir araşdırma sahəsidir: təəccüblüdür ki, sadəcə son 40 ildə alimlər əvvəllər heç bir əhəhmiyyət daşımadığına inanılan və məhəl qoyulmayan tarixi və mədəni keçmişini araşdırmaq üçün Səudiyyə Ərəbistanın erkən maddi mədəniyyətinin üzərinə işıq sala bilmişlər.
Ərəbistan büxur ticarətindən əvvəl, İslamdan öncə (müsəlmanlar Məkkəyə həcc ziyarətinə gedəndə), Neolit dövründə erkən karvan yolları sonradan Şərqi Ərəbistan və Mesopotamiya arasında xarici təmasda olan daxili regional bir şəbəkəyə çevrildi. Məhz bu erkən əlaqə, yarımadanı Tunc dövrü və Antik dövrdə, Hindistan və Çindən gələn və Aralıq dənizinə, Misirə, Yəmənə, Şərqi Afrikaya, Suriya, İran və Mesopotamiyaya olan ticarət və həcc yollarını birləşdirərək aktiv və bir-biri ilə əlaqəli Qədim Dünyanın - Şərqi və Qərbi birləşdirən ticari və mədəni qovşağın mərkəzinə çevirdi.

Ha’il abidəsinin şərhi

Aydın vizual oxşarlıqlara baxmayaraq, hər bir abidənin mənasının və simvollarının hər yerdə eyni olmasını güman etmək yanlış olardı. Hər bir bölgə, kənd və qəbilənin fərqli adətləri və inkişaf etmiş güclü yerli ənənələri var idi. Ərəbistan yarımadası boyunca tapılmış fərqli antropomorfik abidələrin mənasını ümumiləşdirmək riskini aradan qaldırmaq üçün alimlər onların maddi tarixi təhlilləri üçün lokal mədəniyyətlərə fokuslanmışdırlar. Başqa sözlə, alimlər hər bir daşın yerli sosial və ritual təcrübələrinin unikal kontekstinin düzgün təhlilini apara bilmək üçün ümumi tərz kimi görünəndən daha çoxunu araşdırmağa çalışırlar. Bunları ağlımızda tutaraq, Ərəbistan yarımadasının ən erkən artifaktı kimi bilinən Ha’il abidəsini necə şərh etməliyik?
Arxeoloqlar Ha’il abidəsinin yüksək ehtimalla dini və ya dəfn etmə vərdişləri ilə əlaqədar olduğuna və açıq hava ziyarətgahında məzar işərasi kimi istifadə edildiyinə inanırlar. Daşın kim tərəfindən istehsal ediliyini bilməsək də, (köçəri çobanların arasında işləyən daş oyma mütəxəssisi təsəvvür edin) hələ də onun keyfiyyəti və minimalist amma yenə də ekspressiv insan fiquru təsviri ilə heyrətə gəlməyə davam edirik.
Natali N. Hegr tərəfindən yazılmış esse
ƏLAVƏ QEYD: Stelanın qlobal fenomeni
Oyma və ya yazılı daş lövhələr əvvəlcə qəbir nişanələri kimi istifadə olunsa da, ithaf, xatirə və demarkasiya üçün də istifadə olunurdu. Stela adətən Aralıq dənizi dünyasında istifadə olunan termindir. Lakin keçmişə aid və başqa adlarla adlandırılan oxşar obyektlər Qədim Yaxın Şərq, Qədim Misir, Yunanıstan və Roma, Çin, İslam torpaqları, Kolumbiya Mesoamerika və Cənubi Amerika da daxil olmaqla bütün dünyada tapılmışdır.
Bəzi ağıllı tarix nümunələri:

Əlavə mənbələr:
Rémy Crassard and Phlipp Drechsler, "Towards New Paradigms: Multiple Pathways for the Arabian Neolithic.” Arabian Archaeology and Epigraphy 24 (2013), pp. 3-8.
Ute Franke, “Early Stelae in Stone," Roads of Arabia: The Archaeological Treasures of Saudi Arabia, edited by Ute Franke and Joachim Gierlichs (Tubingen: Wasmuth Verlag, 2011), pp. 68-71.
Tara Steimer-Herbert, “Three Funerary Stelae from the 4th Millennium BC,” in Roads of Arabia: Archaeology and History of the Kingdom of Saudi Arabia, edited by Ibrahim Al-Ghabban, Béatrice André-Salvini, Françoise Demange, Carine Juvin, and Marianne Cotty (Paris: Somogy Art Publishers: 2010), 166-169.